İSBN nə deməkdir?
Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün Beynəlxalq Standartlar Təşkilatı (İSO) tərəfindən 1972-ci ildə hazırlanmış və üzv ölkələrin qəbulu ilə istifadəyə verilmiş beynəlxalq standart eyniliyini müəyyən edən nömrələmə sistemidir. 2004-cü ildə Hamlet İsaxanlı tərəfindən Beynəlxalq İSBN Agentliyinə müraciət olunmuşdur. Həmin ildə Xəzər Universitetində agentliyin rəsmi Azərbaycan filialı fəaliyyətə başlamışdır. Postsovet ölkələri arasında İSBN qəbul edən ilk ölkə Ukraynadır, 1998-ci ildə.
Bu sistemin yaranma məqsədi dünyada çap olunan kitabları standartlarla müəyyən edilmiş qaydalar çərçivəsində İSBN ilə nömrələyərək kimliyini müəyyənləşdirməkdir. Bir növ kitabın şəxsiyyət vəsiqəsi kimi.
İSBN sistemi çap olunan materiala tanımlama nömrəsi təqdim edir. Vəsiqələrimizdəki Fərdi İdentefikasiya Nömrəsi kimi. Bu nömrə isə öz yerində dörd qrup və on xanadan ibarətdir. Birinci qrup çap olunan materialın ölkəsini müəyyən edir, ikinci qrup nəşriyyatı (və ya çap edən şəxsi), üçüncü qrup çap olunan materiala aid sıra nömrəsini müəyyənləşdirir. Dördüncü qrupda isə İSBN gerçək olub-olmadığını müəyyənləşdirən tək rəqəm qeyd olunur. Yoxlanış Beynəlxalq İSBN agentli tərəfindən aparılır. Bir də ilk üç rəqəm vardır ki, bizim halda bu 978 rəqəmidir, məhsulun ümumbazar nömrəsini təyin edir (bütün kitablarda nəşriyyatından asılı olmayaraq dəyişmir).
Misal üçün 2014-cü ildə “Qələm” nəşriyyatı tərəfindən çap olunmuş Elçin Hüseynbəylinin “Aişə” romanında 978-9952-468-32-8 nömrəsi qeyd olunur. (Masamın üzərində bu kitab olduğu üçün nümunəni onun üzərindən çəkdim). Burada:
978 – Məhsulun ümumbazar nömrəsi.
9952 – Azərbaycanın kitab bazarında nömrəsi.
468 – Nəşriyyatı müəyyən edən nömrə.
32 – Kitabın nəşriyyatdakı çap olunma sırasındaki nömrəsi.
8 – Yoxlanış rəqəmi.
İSBN hardan əldə etmək mümkündür?
Yuxarıda da qeyd etdiyim kimi Xəzər Universitetindən.
İSBN necə idarə olunur?
Materialın (Kitabın) üç nüsxəsi çap olunduqdan dərhal sonra agentliyə (Xəzər Universiteti) göndərilməlidir, beləliklə agentlikdə qeydiyyata alınmış və sistemə köçürülmüş biblioqrafik məlumatların dəqiqliyi, ISBN-in standartlarına uyğun olaraq dərc olunub-olunmaması yoxlanılır. Əks təqdirdə, material milli və ticari biblioqrafiyalara daxil edilməyəcək və internetə ötürülən məlumatlar səhv və natamam olacaqdır.
Azərbaycanda bu kitablar daha sonra Xəzər Universitetinin kitabxanasına təhvil verilir.
İSBN istifadə qaydaları
- Daha öncə İSBN ilə nişanlanan bir material eyni nəşriyyat tərəfindən fərqli bir adla, ya da başqa bir nəşriyyat tərəfindən çap olunarsa, yeni bir İSBN almalıdır.
- Hər bir materialın öz İSBN olmalıdır.
- Üz qapağı və ya mətndə dəyişiklik edilərsə, yeni İSBN alınmalıdır. Əgər kitabda hər-hansısa dəyişiklik olmursa, sadəcə növbəti tirajı çap olunursa, əlavə İSBN almağa ehtiyac yoxdur.
- Bir nəşriyyat hər bir İSBN nömrəsini yalnız bir kitaba istifadə edə bilər.
- Eyni material fərqli dillərdə çap olunarsa, hər birinə fərqli İSBN alınmalıdır.
- Bir material bir neçə nəşriyyat tərəfindən birlikdə çap olunarsa, hər bir nəşriyyat özünə aid İSBN almalıdır.
- Bir neçə materialdan ibarət dəstlər əgər ayrı-ayrı satış üçün nəzərdə tutulmayıbsa, hamısına bir İSBN istifadə ediləbilər. (Misal üçün “Parlaq imzalar” nəşriyyatında çap olunan Con Cordaqın “İmam Əli” beşcildliyi.)
- Müəlliflər də həmçinin nəşriyyat olmadan İSBN əldə edə bilərlər.
İSBN kitaba necə yerləşdirilməlidir?
Kitabın biblioqrafik məlumatlar olan səhifəsində və arxa üzündə yerləşdirilməlidir. Barkod oxuyucu cihazların oxuması üçün aydın şəkildə qeyd olunmalıdır.
Məmbə:
ismn-international.org
isbn-international.org
khazar.org