Acizlər — ağ və qara

I

Əlaqə mərkəzində təmsilçiyəm. Loru dillə desək “operator”. Hər gün ölkənin ən ağıllısından tutmuş ən axmağının iç üzünü görürük (bizim halda eşidirik deməliydim yəqin ki). Deyim ki, ölkənin qürurlu vətəndaşlarının iç üzünü görmək heç də xoş deyil, lakin bu başqa bir mövzudu.

Bu gün bir aciz adam zəng vurmuşdu. Onun səsindəki məyusluq, acizlik məni düşünməyə, son günlərdə, aylarda yaşananları təkrar-təkrar göz önünə düzüb kartları qarışdırmağa, hər acizin qismətini öz ovcuna qoyub “təhlil etməyə” vadar etdi. Danışığımızı olduğu kimi təqdim edirəm:

“– Samir, buyurun.

– Salam… – səssizlik.

– Salam, buyurun.

– Salam. Şey… bir söz soruşmaq istədim, yəqin kömək edə bilərsiniz, yəni xahiş etmək istədim, – dedi çəkinə-çəkinə, sanki nədənsə utanırdı, lakin elə bil ki, istehza da var idi səsində. Açıq deyim bu cür danışanları heç sevmirəm, əksər vaxtlar ya məzələnirlər, ya təhqir edirlər, ya da “ağıl” verirlər.

– Bəli, buyurun, – özümdən aslı olmadan yola verməyin dərdindən həddindən artıq “buyurun” sözündən istifadə edirəm, bəzən iş yoldaşlarım mənə lağ da edirlər.

– Mənim yoldaşım mənə xəyanət edir, – səsi elə kövrək, elə acizanə idi ki, onun bu cür açıqsözlülüyünə məəttəl qalmışdım. Son altı ayda danışdığım minlərlə insanın içində ayda bir dəfə təhqirsiz danışan bir adam düşə, o da belə. – Onun “whatsapp” yazışmalarını hardansa oxuya bilərəm?

– Təəssüflər olsun ki, xeyr, – işimin tələbinə uyğun ədəbi dillə cavab verdim.

– Anladım… – sükut çökdü.

– Əlavə sualınız?

– Bağışla, sənə, üzr istəyirəm, – sanki ona indi çatmışdı ki, o yoldaşının xəyanətini üçüncü şəxslə paylaşır, tələsirdi sağollaşmağa, eyni zamanda da üzgün idi, aciz idi, –  sizə əziyyət verdim. Bağışlayın. Bağışlayın məni.

– Xoşdu! Zənginizə görə təşəkkür edirəm, – yenə də “etiket” qaydaları”.

Həyat bir acizi vadar etmişdi ki, sirrini üzünü görmədiyi, adını eşitmədiyi bir adama açsın. Qürurundan, bəlkə də cəmiyyətdəki mövqeyindən “səssiz” həll etmək istədiyi, ya da ört-basdır etmək istədiyi bir utancı mənimlə paylaşmışdı… Onun səsindəki kədər o qədər ağır idi ki, hələ də üstümdən ata bilmirəm. Sakit, az qala pıçıltıyla səslənən səni hələ də qulaqlarımı batırır, sanki ətrafı eşitmirəm.

II

İşdən evə qayıdarkən hamımızın etdiyi işlə məşğul oluram, gündəmi izləmək üçün facebook`da eşələnirəm. Qarşıma elə bir xəbər çıxdı ki, istəmsiz düşündüm “ikinci acizlə rastlaşıram”.

“UNEC TUDİFAK fakultəsinin I kurs tələbəsi Leyla Əzizli bu gün dünyasını dəyişib. O, xərçənglə mübarizə aparırdı”.

Xərçəngə məğlub olan bir qönçə. Hələ 18 yaşına yeni qədəm qoyan bir uşaq, koronovirusun dünyaya meydan oxuduğu, ermənilərin Qarabağdan qıraqda, Tovuzda ikinci cəbhə yaratdığı bir dövrdə 18 yaşlı bir mübariz qızcığaz öz cəbhəsində məğlub oldu. Dünyanın dadını dadmamış, əsl həyatla rastlaşmamış nakam köçdü getdi.

Qeyd: Leylanın profilində yazılmışdı ki, iki gün əvvəl hamını muştuluqlamış, şad xəbər vermişdi. “Sağalmışam, qalib gəldim!”

III

“Qarabağ bizimdir, bizim olacaq!”

Bu şüarla minlərlə Azərbaycanlı dinindən, irqindən, partiyasından asılı olmayaraq bir yumruq oldu, yayılmış virusa əhəmiyyət vermədən küçələrə axışdı. Onların bir amalı var idi, o da Azərbaycan – Vətən idi! Xalq öz sevgisini, əsgərinin və dövlətinin yanında olduğunu göstərirdi düşmənə. Bu hadisə bizə bir daha xatırlatdı ki, biz ətimizi yesək də, sümüyümüzü çölə atmırıq.

Lakin həyatda yerini tapmamış “şəxsiyyət” xalqın sevincini onlara çox gördü. Sevinclərini, qələbənin yaşatdığı qürur hissini onların burnundan gətirdi təxribatlçılıqla məşğul olmağıyla. Sadə xalqın qələbədən xumarlanmış başını aldadıb onları başqa məqsədlərə istifadə edib atdı kənara. Xalq xülyadan oyandı: sən agentsən, mən vətənpərvərəm, sən dindarsan, mən ateistəm, sən sünnüsən, mən şiəyəm, sən iqtidarsan, mən müxalifətəm qırğınları yenidən yada düşdü. Məmməd Arazın sözləri gerçək oldu: Sənə gələn, səndən ötən, nəydi bələ? Səndən ötüb qardaşına dəydi belə?!

Neçə Şəhidin qanı bahasına parlayan xalq bir kiçicik qığılcımla yenidən sönmüşdü. Sual edirəm özümə, kimdi aciz? O kiçik qığılcımı yaradan xəyanətkar, ya biz?!

IV

“Aprel” döyüşləri ardınca tarix kitablarına böyük hərflərlə yazılacaqdır “İyul” döyüşləri (bəlkə də “Tovuz” döyüşləri), buna inanıram, çünki bu mənsub olduğum xalqımın, millətimin, ordumun qəhrəmanlıq dastanıdı. Bu dastanın əsas qəhrəmanları da gözüyaşlı anaların hər gün ölkənin dörd bir yanında Vətən torpağına əmanət etdikləri oğullarıdı. Onlar canları bahasına Vətəni qorumaqla yanaşı bizə özümüzü, milli kimliyimizi, insanlığımızı qaytardılar. Biz öz Qəhrəmanlarımızla sevinc hissi yaşadıq illər sonra.

Bu hissənin acizləri Şəhid adını rütbəyə qurban verənlərdir mənim gözümdə. Ölkə olaraq qüruru, sevinci, kədəri eyni vaxtda yaşadığımız bir dövrdə bundan yararlanmaq istəyənlər tapıldı… həmişəki kimi… Özlərini “ağıllı” hesab edənlər üçün bu fürsət qaçılmaz idi.

Atalar məğrur, analar ağlar, bacılar-qardaşlar dayaqsız, yoldaşlar kimsəsiz, övladlar boynu bükük… Lakin siz, məhz siz! Ən murdar acizlər bunu özünüzə fürsət bildiniz. Dünyanı tanımamış gənc Şəhidi Əsgər idi deyə Şəhid Generala qurban verdiniz! Sizdən utanıram! Polad Həşimov bilsəydi ki, onun göz bəbəyi kimi qoruduğu əsgərinin şəhadəti onun şəhadətinin kölgəsində qalar, o əlindən gələni edərdi ki, bu döyüşlərdə ölməsin. Biriniz kitab çıxarır, biriniz xatirələr yazırsınız, digəriniz küçə adı verirsiniz. Təlqinlər, şüarlar birdir: Şəhdi general! Bəs digər Şəhidlər Şəhid deyil? Nə vaxtdan Vətən uğrunda ölənləri rütbəyə bölməyə başladınız?

Nə zaman bitdi bizim dilimizin “senin”, “menim” qabarı? Nə zaman bitdi bizim dilimizin “hansı rütbədəsən” damarı?…. Səninləyəm, aciz xalqım!?

Опубликовано Nizami Əlisoy

Bakı, Azərbaycan e-mail: lisoynizami@gmail.com Təhsil: Xəzər Universitəsi/ Filologiya (Azərbaycan dili və Ədəbiyyat)

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: