Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
Könül istərdi ki, biz həyətə daxil olanda, pələtin kiçik qapısı taybatay açılıb bağlananda çıxardığı səsə nənəm pəncərədən boylansın. Bizi görüb uşaq sevinciylə çölə çıxsın, nəvazişlə başımıza sığal çəkib, bizi qoynuna alsın, hər iki yanağımızdan öpsün. Di gəl ki, bu mümkün deyil, çünki o əbədiyyata qovuşub…
Bir zamanlar səsimizlə şadlanan ev indi yetim uşaq kimi həyətin bir küncünə çəkilib səssiz halıyla yavaş-yavaş əzəmətini itirir. Babamın uşaq qəhqəhəsi sədaları altında doyunca su içib çiçəklənən gül-çiçək həmin bağ deyil artıq. Bağın baş ucunda şahlıq edən qoca çinar başını aşağı əyib, ağacların seyidi olan söyüd ağacı kölgəsini bizdən əsirgəyir. Nənəmin təndiri ovulub yerə tökülür, bunu gördükdə qəhər məni basdı, gözümü yumdum, dərin nəvəs aldım. Bütün uşaqlığım gözümün qabağına gəldi, uşaqlığımdakı həmən qoxu, təzə bişmiş təndir çörəyinin həmən qoxusu məni bihal etdi. Hamıdan irəli atıldım, özümü bir şey xatırlayırmış kimi göstərib evə sarı qaçdım.
Yavaş-yavaş, hürkək addımlarla evə daxil oldum. Mən ayağımı qaldırıb addım atdıqca mənimlə birlikdə uşaqlığım, qayğısız illərim də mənə sarı addım atırdılar. Evdə çox şey əskik idi, lakin nənəmin bişirdiyi xörəklərin ətrinin yeri başqa cür hiss olunurdu.
Nədənsə, evin təməl atma, tikilmə zamanına qayıtdım. Nə hikmətsə, bu evdə ilk göz yaşı axıdan da, ilk gülən də mən olmuşdum nəvələr arasında. Demək olar ki, bu evin təməli mənim göz yaşlarım və qəhqəhələrimlə yoğrulub.
İçəri daxil olan kimi eyvana boylandım. Babamın kiçik radiosu masanın üstündə qalmışdı. Nənəmin cehizlik xalçası bükülüb divara söykənmişdi. Nədənsə o da əyilmişdi. Sanki xalça da nənəmin yoxluğunu anlayırmış kimi boynunu büymükşdü. Bunu görcək özümü saxlaya bilmədim, içəri atıldım, evin ən kiçik otağına, eyni zamanda babamla nənəmin otağına daxil oldum və hönkür-hönkür ağladım.
***
İllər sonra, böyüyüb başa, sonunu düşündüyün evə çatanda nə olacaq deyə düşündünüzmü heç?! Evə daxil olarkən hiss etdiklərimi ətraflı təsvir etmək dilərdim əlbbət, lakin mümkün deyil. Nənnəmin ayzberqi əridən ağuşunun, babamın könül oxşayan hekayətlərinin, uşaqlığımın sona çatdığını anladan, anamın əsəb, eyni zamanda sevinc dolu nəvazişinin olmadığı bir evi necə təsvir edəsən ki…
Mənim uşaqlığım bu evdə keçib. Atam hər bir Azərbaycanlı kişisi kimi (təbii ki, hamısı yox) rusiyada işləyəndə biz, yəni anam, mən və kiçik qardaşım bu evdə babamgilnən birlikdə yaşayırdıq. Həyat qayğısız və xoş idi bu evdə.
Bu evin özünəməxsus, kədərlə sevincin bir tavada yovrulduğunu hiss etirən abu havası var. Bir zamanlar mənim və məndən başqa nəvələrin səsiylə dünyaya meydan oxuyan kiçik bir ev indi nəticələrin, bizim, nəvələrin övladlarının səsiylə cılız qalıb (bizim deyəndə, mənim hələ övladım, heç öz ailəm də yoxdu). Çünki mənim gördüyüm baba-nənə nəvazişindən məndən sonra gələnlər məhrumdur. Həqiqətən də, nənə baba nəvazişindən məhrum olanlar yetimdir deyəndə yanılmayıblar….
Eh, mənim yetim davamçılarım siz köhnə babaların, nənələrin qədrini hardan biləsiniz ki, axı, siz onları heç görməyibsiniz… Yox, əgər görmüsünüzsə, qədrini bilin…