Bir tikə çörək, araq, sən və mən
bir də səhərin açılmamış gözü
çöldə Bakı küləyi
otağımız nəmişkən…
gözlərin narın-narın damlarkən boş qədəhə
danışdın mənə zalım NKVD`yə işləməyindən
necə xainliyə çatdığını, qul olduğunu və aldatdığını
nə deyirdim dost…
deyirdim ki, mən bu zəhrimarı içmək üçün içirəm
amma içərkən düşünmürəm nə üçün içdiyimi
nə də olsa, daha sonra düşünərəm həyatın fəlsəfəsini
sırayla olaram Xətai, Abbas, Nadir
bəzən Təbriz sarayında Xacə şah…
bəzən Əli bəy Hüseynzadə
Rəsulzadə olunca düşünərəm mühacirətdə keçən günləri
Bəy ikən Babaya məğlubiyyətimi…
bir dəfə də Nəsiminin müəllimi olmuşdum
ona verdiyim dərslərlə qürur duymuşdum
bəzən Cümhuriyyətin xilası üçün çalışan Xosrov bəy
bəzən Cümhuriyyəti satan Nərimanov oluram
əgər biraz da içsəm
Nizami bir qələt etmiş olar qarşımda
uçuq dodağımdakı zümzüməni dinləyərdim, lakin
Üzeyir bəyin axtardığı müsiqi budur deyib gülürəm
axmaq imiş tarix müəllimim…
biraz içsin, onda görər nə tarixi varmış bu məmləkətin
anlasın keçmişi qara vətənimin neçə bucaq olduğunu…