“501 Nömrəli Hücrə” Filmi rekorda yaxınlaşır — (Filmdən fotolarla)

Bundan əvvəlki üç məqaləmdə Mehmet Altunbay haqqında məlumat vermişdim. Oxuyanlara məlumdur ki, o, Türkiyəyə mühacir etdikdən sonra, 1967-ci ildə dövlətin də dəstəyi ilə “501 nömrəli hücrə” adlı iki hissədən ibarət bir filmin ssenarisini yazmış və çəkimlərində iştirak etmişdir.

O dövrün insanlarının danışığından bizlərə bəlli olur ki, filmin 1967-ci ildə baş tutan Gala gecəsində dövrün bürokratları və ziyalıları filmi ayaq üstə alqışlamışlar.

Bu film barədə dövrü mətbuatda da bir çox məqalələr dərc edilib. Bunlardan birini də “Ses” dərgisinin 1967-ci ildə çıxan 43 nömrəsində görmək mümkündür. Sizlərə həmin məqaləni təqdim edirəm.

***

501-Numaralı-Hücre-Filmi-Rekora-GidiyorQayalıq təpələrdə ağac, ot deyə bir şey yox idi. Gözəl və gənc qadın dikdaban, bəyaz ayaqqabısının üstündə güc-bəla bir neçə addım ata bildi. Əynində bahalı, dekolte paltar var idi. Paltarın üstündən kürk palto geyinmişdi. Qadının yanında əlində tapança, qara botinkalı bir əsgər dururdu. Qadın öndə, əsgər formasında adam arxadan gedirdi. Bir qayanın önünə gəldikləri vaxt bığlı, sərt üzlü adam:

— “Dur!” – deyə bağırdı. Qadın durdu və adama doğru döndü. Sərt üzlü adam cibindən çıxardığı dəsmalı uzatdı:

— “Bəlkə edam manqasından qorxarsınız! Gözlərinizi bağlayım?” – dedi.

Gözəl qadın sankı tüpürürmüş kimi adamın üzünə baxdı:

— “Qorxmuram!” – dedi, “Ölümdən qorxsaydım indi burda olmazdım!”

Edam manqasının komandiri bir az sonra güllələnəcək gənc qadının incə biləklərinə baxdı:

— “Əlinizi bağlamaq məcburiyyətindəyəm, xanım Tamilla..” – dedi. – “Həm də bu sizin arzunuzla bağlı bir şey deyil…”

Biləyi bağlanarkən, gənc qadın qarşısındakı silahlı əsgərlərə baxdı. Soldan sağa doğru hamısını bir-bir süzdü. Həyatı bir anda gözlərinin önündə bir kino lenti kimi axıb keçməyə başladı.

Atası Qafqazlı, anası italyandır. Bakıda doğulub, böyüyüb və burda təhsil alıb. Bir gün edilən “donos”a görə gizli polisin adamları evlərini basıb, qardaşları və atasını alıb aparmışdılar. Sonradan onların ölüm xəbərini almışdı. Məhz o anda atası və qardaşlarını öldürənlərdən intiqam almaq üçün öz andını içmiş və  yeraltı təşkilata qoşulmuşdu.

Bakı Hava məktəbində Uçuş birliyinin komandiri Mehmet Altunbay adlı Azərbaycanlı türk zabitinə könül verir və iki idealogiya dostu birgə vuruşurlar. Lakin bu dostluq uzunömürlü olmadı. Mehmet Altunbay gizli polis tərəfindən həbs edilir, güllələnmə sırasında iki dostu ilə birlikdə təyyarəyə minərək Türkiyəyə mühacirət edir, beləliklə gənc qadın da tək-tənha qalır.

Sevgilisinin qaçışından sonra Tilda adını Tamillaya dəyişir, üzünü makiyajla dəyişdirərək Gizli Polisin sıralarına daxil olur. Polis rəisi Mişel qısa zamanda bu gözəl qadına aşiq olur. Tamillanın da istədiyi bu idi. Mişelin sevgisindən faydalanaraq ondan bir çox sirləri öyrənir, beləliklə də minlərcə insanın Sibirə sürgününü əngəlləyir.

Gizli Polis rəisi Mişel vəzifəsində əsla ürəyinin səsini dinləmir, öz qızı Nadyanı belə zindanlara bağlayır. Tamillayla Mişelin dostluğu uzun zaman davam edir, lakin bir gün hər şey aşkara çıxır. Bunun tək bir cəzası vardı: ÖLÜM! Tamilla qısa bir mühakimədən sonra güllələnmək şərti ilə edama məhkum edildi. Nəhayət, qarşısındakı lülələr qorxunc canavarlar kimi ağızlarını açmışdılar. Biraz sonra o lülələr güllə qusacaq və gənc Tilda (Tamilla) əbədiyyata qarışacaq.

501-Numaralı-32wh9mon6zzopgmhioka2o.jpg

Edam manqasının komandiri əlini havaya qaldırdı. Tilda gözlərini qırpmadan qarşısındakılara baxdı, baxdı, baxdı…

— “Atəş!…” – deyə bağıran səslə birlikdə silah səsləri qayalıq təpələrdə əks-səda verdi və gənc qadın yerə yıxıldı. Gözləri hələ də açıq idi…

“501 nömrəli hücrə” adını daşıyan film on aydan çoxdur ki, Ankarada Nusret Eraslanın rejisorluğu ilə çəkilir. Filmdə rol alanların hamısı Dövlət Teatr və Balet aktyorlarıdır. Ankaralıların yaxından tanıdığı 80 səhnə sənədçisi, 200 köməkçi aktyor bu filmdə oynayır. “501 nömrəli hücrə”də kino aləmini bir tək Atıf Kaptan təmsil edir. İndiyə kimi istifadə olunan maddiyyatı bir milyon lirəyə çatan filmin qarlı səhnələri keçən qış Kızılcahamamdakı Çamkoruda çəkilmişdir. Dövlət Teatrı artistləri, böyük Avropa və Amerika filmlərindəki kimi bir il davam edən uzun bir əziyyətin sonunda filmi tamamlayacaqlar. Tamamən rəngli olarak çəkilən film ilin sonunda məmləkətin hər yanında 40 kinoteatrda birdən nümayiş ediləcəkdir… “Qafqaz Film” firmasının çəkdiyi bu film bundan illər əvvəl Stalin dövrü Rusiyasındakı Gizli Polis Təşkilatının (NKVD) törətdiyi zülmləri, tükləri biz-biz durğuzan işgəncələri, Sibir sürgünlərini, ölüm zindanları və azadlığa susamış saysız insanların cəsarətlə dirənişini əhatə edir.

“501 Nömrəli hücrə” adlı filmdə Hitler Almaniyasında Hitlerin əmriylə çəkilmiş filmdən kadrlar da istifadə olunub.

Metraj baxımından indiyə qədər çəkilənlərin ən uzunu olan bu milyonluq filmdə Dövlət Teatr aktyorlarından Cüneyt Gökçer, Ayten Gökçer, Semik Sergen, Şahap Akalın, Tekin Akmansoy, İlyas Avcı, Tülay Artuk, Meliha Ars, Nurşen Girginkoç, Muammer Esi, Yalın Tolga, Bozkurt Kuruç, Ferdi Merter Fosforoğlu, Coşkun Kara, Adnan Başar, Mithat Demokan, Ali Cengiz, Azmi Orses, Savaş Başar, Ertan Savaşçı, İlhan Ülkü, İhsan Şenol, Orhan Kuraner kimi sənətkarlar yer almışdılar.

Məmbə: “Ses” dərgisi, 1967, 43

Опубликовано Nizami Əlisoy

Bakı, Azərbaycan e-mail: lisoynizami@gmail.com Təhsil: Xəzər Universitəsi/ Filologiya (Azərbaycan dili və Ədəbiyyat)

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: