Atama Kafka sayağı məktub

Sənə bu məktubu bizim tezliklə ayrılacağımıza əmin olduğum üçün yazıram. Bir neçə il bundan əvvəl də belə düşünürdüm, lakin məni ikinci dəfə sınağa çəkmək sənə xoş gəlmişdir, etiraf edim ki, mən bu sınağa tab gətirə bilmirəm artıq: mənim kövrək ürəyim düşüncələrə yenidən tabe oldu…

Sən buna görə mənə nifrət etməyəcəksən, deyilmi?! Bu məktub eyni vaxtda həm vidalaşmağım, həm də gedişimdən xəbərdar olasan deyə namə olacaqdır. Düşünürəm ki, səni sevdiyim gündən bəri qəlbimdə yığılmış olan dərdi-səri açıb sənə demək mənim üçün borcdur. Mən səni təqsirləndirmirəm – sən mənimlə hər hansı bir atanın, ananın övladıyla rəfdar edəcəyi kimi rəfdar etdin: sən məni öz xüsusi malın kimi, bir-birini əvəz edən sevinc, həyacan, qüssə, kədər, fəxr, rəzillik, baş ucalığı, üz qızartısı kimi sevdin… Bunlar olmasaydı həyat kədərli, maraqsız olardı, deyilmi?!

Bilirsən, mən bunu lap əvvəldən anladım. Lakin, sözün düzünü deyəcəm, ya sən kor idin, ya da mən axmaq. Çünki, vaxtilə mənim fədakarlığımı qiymətləndirəcəyinə (düşünürdüm ki, sən belə istəyirsənsə bu belə də olmalıdır), heç bir şəraitdən asılı olmayan sənə olan bağlılığımı nə vaxtsa qiymətləndirəcəyinə ümid bağlayaraq özümü sənin yolunda qurban verdim. O vaxtdan çox zaman ötdü, mən sənin ruhunun bütün əsrarına vaqif oldum. Bunun nəticəsidir ki, zahirən sənə qarşı nifrətim yüksəldikcə, daxilən sevgim böyüdü…

Oxuduğum kitablar günbəgün artır, bunu sən özün də görürsən, elə deyilmi? Mən bu kitabların çoxunu heç sevmədim. Əksəriyyətinin sonu xoşbəxtliklə bitir. Mən də onlara aldanıb ümid edirəm ki, bizdə də nəsə alınar. Lakin illər keçdi və bu ümidimin hədər olduğuna inandım. Mən hər ikimizə də acıdım! Gör biz nə qədər bədbəxt imişik…

Mənim ruhum bütün sərvətini, bütün göz yaşlarını və ümidlərini sənə sərf edib bitirmişdir. Mən əbədi olaraq səndən ayrılıram. Sən əmin ola bilərsən ki, mən heç bir zaman bir daha sənin də dediyin kimi “boğulmağına” səbəbkar olmayacam.

Sənin təbiətində nə isə yalnız sənə məxsus olan ayrıca bir şey var, qürura bənzər əsrarəngiz bir şey var. Sənin səsində, hər nə xüsusda danışsan belə, məğlubedilməz bir hakimiyyət var. Sənin kimi heç kəs daima diqqət mərkəzində olmaq istəməyi bacarmır, əsəb heç kəsdə bu qədər xoş olmur, heç kəsin sözləri insanı bu qədər alçaltmır, öz üstünlüklərindən bundan daha yaxşı istifadə etməyi heç kəs sənin qədər bacarmır və heç kəs bu qədər həqiqi surətdə bədbəxt ola bilməz, çünki heç kəs özünü bunu əksinə inandırmağa bu qədər çalışmır.

İndi mən sənə belə tələsik getməyimin səbəbini izah etməliyəm: o, yalnız mənə aid olduğu üçün sənə əhəmiyyəti az bir şey kimi gələcəkdir. Bu lap əvvəldən belə idi. Mənim qərarlarım, mənim düşüncələrim həmişə əhəmiyyətsiz idi. Bir fikirləş, düz demirəmmi?!

Опубликовано Nizami Əlisoy

Bakı, Azərbaycan e-mail: lisoynizami@gmail.com Təhsil: Xəzər Universitəsi/ Filologiya (Azərbaycan dili və Ədəbiyyat)

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

%d такие блоггеры, как: