Millətə dövlət, dövlətə Bəy gərək!

Hələ uşaqlığımdan yaddaşıma həkk olunmuş bir damğadı Elçibəy. O vaxt ki, hələ ağlım bir şey kəsmirdi, yay tətilində, demək olar ki, hər il Azərbaycana gələrdik (Həyatımın müəyyən hissəsini Rusiyada yaşamışam). Elə bu gəlişlərdə də Bəyin kimliyi, şəxsiyyəti haqqında öyrənmişəm. Böyüklərin dilindən istər Rusiyada, istərsə də Azərbaycanda çoxlu söhbətlər dinləmişəm. Ən maraqlıları Azərbaycanda olurdu.

İllər ötdükcə özüm onun haqqında araşdırmağa başladım, öyrəndim. Öyrəndiklərimdən heyranlığımın həddi hüdudu yox idi. Təsəvvür edin, qürbətdə böyümüş bir yeniyetmə üçün özünə ideal, qəhraman tapmaq necə də böyük bir sevincdi.

Mənim üçün Bəy daim bir Dərviş olub. Üzü heç vaxt gülməyən, gözləri bulud tək dolmuş, ağ saqqalı, çatma qaşı. Dediyindən dönməyən, tək amalı Vətən, millət olan bir Dərviş. Sovetlərin ağır, işgəncəli dövründə açıq-aydın bildiklərini təlqin edən, qorxmadan, çəkinmədən sözünü deyən Dərviş.

Məktəbli vaxtımda hamı mənə dəli kimi baxırdı Bəyə heyranlığımı bəlli edəndə, necə ki, hamı onu dəli sayırdı Sovetlərin diktaturası altında Azərbaycanın Azadlığına inanda. Axı kim deyərdi ki, 70 il boyun-buyruq altında qalmış bir xalqın belə bir oğulu yetişər.

Bəyə olan sevgimə görə ən çox universutet müəllimlərimə minnətdaram. Onların şahidi olduqları hadisələri, Bəy haqqında bildiklərini bizlərə nəql etməsi məndə və bəzi azad düşüncələri tələbə yoldaşlarımda onun haqqında müəyyən fikirləri formalaşdırmağa kömək etdi.

Hətta, bir şey də danışım. Günlərin birində bizə Azərbaycan dilini sevdirən İlahə xanımdan soruşdum ki, sizin müəlliminiz kim olub, o da demişdi ki, bizim dövrün (90-cı illərin tələbələri) bir müəllimi var idi, o da Böyük Türk Əbülfəz Elçibəy!

Bəy həqiqətən də böyük müəllim idi. Əsl ata qayğısıyla bizlərə azad düşüncəli, vicdanlı, mərd vətəndaş olmağı öyrədən böyük müəllim.

Son olaraq, Elçibəyin taleyinə namərdlərlə dolu bir yurdda dünyaya göz açıb Bəy kimi mərd yaşamaq düşmüşdü. O, Türk dünyasının bənzərsiz sevdalısı olmaqla yanaşı, sadəcə prezident və ya partiya sədri olmayıb. Bəy böyük Lider olub. Meydanda sadə xalqdan çıxmış, vətən eşqiylə yoğrulan bir Lider. Meydan demişkən, elə orda illər uzunu əzilən xalqın onun öndərliyi ilə irəli getməsi bir sübutdu. Təbii ki, çoxları deyə bilər ki, Xalq hərəkatını “mən” başlamışam, lider də mən idim. Onların “Meydan” hərəkatında rollarını danmıram, dana da bilmərəm. Lakin hərəkatı nizamlı şəkildə işləyən, onu qələbəyə aparan lider yalnız Əbülfəz Elçibəydir!

Azad, müstəqil Azərbaycan Bəyin ən böyük amalı idi. Daha doğrusu, iki amalından biri. Düşünürəm ki, o bunu layiqincə yerinə yetirdi. Apardığı təhsil, dil, neft və başqa islahatlar bunun bir nişanəsidir. İkinci amalı isə Bütöv Azərbaycan idi, onu da biz etməliyik. Etməliyik ki, Bəyin ruhu şad olsun.

Kitabın beynəlxalq standart nömrəsi (İSBN) 

İSBN nə deməkdir?

Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (International Standard Book Number) — hər hansı nəşriyyatın kitabının və ya broşürünün Beynəlxalq Standartlar Təşkilatı (İSO) tərəfindən 1972-ci ildə hazırlanmış və üzv ölkələrin qəbulu ilə istifadəyə verilmiş beynəlxalq standart eyniliyini müəyyən edən nömrələmə sistemidir. 2004-cü ildə Hamlet İsaxanlı tərəfindən Beynəlxalq İSBN Agentliyinə müraciət olunmuşdur. Həmin ildə Xəzər Universitetində agentliyin rəsmi Azərbaycan filialı fəaliyyətə başlamışdır. Postsovet ölkələri arasında İSBN qəbul edən ilk ölkə Ukraynadır, 1998-ci ildə.

Bu sistemin yaranma məqsədi dünyada çap olunan kitabları standartlarla müəyyən edilmiş qaydalar çərçivəsində İSBN ilə nömrələyərək kimliyini müəyyənləşdirməkdir. Bir növ kitabın şəxsiyyət vəsiqəsi kimi.

İSBN sistemi çap olunan materiala tanımlama nömrəsi təqdim edir. Vəsiqələrimizdəki Fərdi İdentefikasiya Nömrəsi kimi. Bu nömrə isə öz yerində dörd qrup və on xanadan ibarətdir. Birinci qrup çap olunan materialın ölkəsini müəyyən edir, ikinci qrup nəşriyyatı (və ya çap edən şəxsi), üçüncü qrup çap olunan materiala aid sıra nömrəsini müəyyənləşdirir. Dördüncü qrupda isə İSBN gerçək olub-olmadığını müəyyənləşdirən tək rəqəm qeyd olunur. Yoxlanış Beynəlxalq İSBN agentli tərəfindən aparılır. Bir də ilk üç rəqəm vardır ki, bizim halda bu 978 rəqəmidir, məhsulun ümumbazar nömrəsini təyin edir (bütün kitablarda nəşriyyatından asılı olmayaraq dəyişmir).

Misal üçün 2014-cü ildə “Qələm” nəşriyyatı tərəfindən çap olunmuş Elçin Hüseynbəylinin “Aişə” romanında 978-9952-468-32-8 nömrəsi qeyd olunur. (Masamın üzərində bu kitab olduğu üçün nümunəni onun üzərindən çəkdim). Burada:

978 – Məhsulun ümumbazar nömrəsi.

9952 – Azərbaycanın kitab bazarında nömrəsi.

468 – Nəşriyyatı müəyyən edən nömrə.

32 – Kitabın nəşriyyatdakı çap olunma sırasındaki nömrəsi.

8 – Yoxlanış rəqəmi.

İSBN hardan əldə etmək mümkündür?

Yuxarıda da qeyd etdiyim kimi Xəzər Universitetindən.

İSBN necə idarə olunur?

Materialın (Kitabın) üç nüsxəsi çap olunduqdan dərhal sonra agentliyə (Xəzər Universiteti) göndərilməlidir, beləliklə agentlikdə qeydiyyata alınmış və sistemə köçürülmüş biblioqrafik məlumatların dəqiqliyi, ISBN-in standartlarına uyğun olaraq dərc olunub-olunmaması yoxlanılır. Əks təqdirdə, material milli və ticari biblioqrafiyalara daxil edilməyəcək və internetə ötürülən məlumatlar səhv və natamam olacaqdır.

Azərbaycanda bu kitablar daha sonra Xəzər Universitetinin kitabxanasına təhvil verilir.

İSBN istifadə qaydaları

  • Daha öncə İSBN ilə nişanlanan bir material eyni nəşriyyat tərəfindən fərqli bir adla, ya da başqa bir nəşriyyat tərəfindən çap olunarsa, yeni bir İSBN almalıdır.
  • Hər bir materialın öz İSBN olmalıdır.
  • Üz qapağı və ya mətndə dəyişiklik edilərsə, yeni İSBN alınmalıdır. Əgər kitabda hər-hansısa dəyişiklik olmursa, sadəcə növbəti tirajı çap olunursa, əlavə İSBN almağa ehtiyac yoxdur.
  • Bir nəşriyyat hər bir İSBN nömrəsini yalnız bir kitaba istifadə edə bilər.
  • Eyni material fərqli dillərdə çap olunarsa, hər birinə fərqli İSBN alınmalıdır.
  • Bir material bir neçə nəşriyyat tərəfindən birlikdə çap olunarsa, hər bir nəşriyyat özünə aid İSBN almalıdır.
  • Bir neçə materialdan ibarət dəstlər əgər ayrı-ayrı satış üçün nəzərdə tutulmayıbsa, hamısına bir İSBN istifadə ediləbilər. (Misal üçün “Parlaq imzalar” nəşriyyatında çap olunan Con Cordaqın “İmam Əli” beşcildliyi.)
  • Müəlliflər də həmçinin nəşriyyat olmadan İSBN əldə edə bilərlər.

İSBN kitaba necə yerləşdirilməlidir?

Kitabın biblioqrafik məlumatlar olan səhifəsində və arxa üzündə yerləşdirilməlidir. Barkod oxuyucu cihazların oxuması üçün aydın şəkildə qeyd olunmalıdır.

Məmbə:

ismn-international.org

isbn-international.org

khazar.org

Acizlər — ağ və qara

I

Əlaqə mərkəzində təmsilçiyəm. Loru dillə desək “operator”. Hər gün ölkənin ən ağıllısından tutmuş ən axmağının iç üzünü görürük (bizim halda eşidirik deməliydim yəqin ki). Deyim ki, ölkənin qürurlu vətəndaşlarının iç üzünü görmək heç də xoş deyil, lakin bu başqa bir mövzudu.

Bu gün bir aciz adam zəng vurmuşdu. Onun səsindəki məyusluq, acizlik məni düşünməyə, son günlərdə, aylarda yaşananları təkrar-təkrar göz önünə düzüb kartları qarışdırmağa, hər acizin qismətini öz ovcuna qoyub “təhlil etməyə” vadar etdi. Danışığımızı olduğu kimi təqdim edirəm:

“– Samir, buyurun.

– Salam… – səssizlik.

– Salam, buyurun.

– Salam. Şey… bir söz soruşmaq istədim, yəqin kömək edə bilərsiniz, yəni xahiş etmək istədim, – dedi çəkinə-çəkinə, sanki nədənsə utanırdı, lakin elə bil ki, istehza da var idi səsində. Açıq deyim bu cür danışanları heç sevmirəm, əksər vaxtlar ya məzələnirlər, ya təhqir edirlər, ya da “ağıl” verirlər.

– Bəli, buyurun, – özümdən aslı olmadan yola verməyin dərdindən həddindən artıq “buyurun” sözündən istifadə edirəm, bəzən iş yoldaşlarım mənə lağ da edirlər.

– Mənim yoldaşım mənə xəyanət edir, – səsi elə kövrək, elə acizanə idi ki, onun bu cür açıqsözlülüyünə məəttəl qalmışdım. Son altı ayda danışdığım minlərlə insanın içində ayda bir dəfə təhqirsiz danışan bir adam düşə, o da belə. – Onun “whatsapp” yazışmalarını hardansa oxuya bilərəm?

– Təəssüflər olsun ki, xeyr, – işimin tələbinə uyğun ədəbi dillə cavab verdim.

– Anladım… – sükut çökdü.

– Əlavə sualınız?

– Bağışla, sənə, üzr istəyirəm, – sanki ona indi çatmışdı ki, o yoldaşının xəyanətini üçüncü şəxslə paylaşır, tələsirdi sağollaşmağa, eyni zamanda da üzgün idi, aciz idi, –  sizə əziyyət verdim. Bağışlayın. Bağışlayın məni.

– Xoşdu! Zənginizə görə təşəkkür edirəm, – yenə də “etiket” qaydaları”.

Həyat bir acizi vadar etmişdi ki, sirrini üzünü görmədiyi, adını eşitmədiyi bir adama açsın. Qürurundan, bəlkə də cəmiyyətdəki mövqeyindən “səssiz” həll etmək istədiyi, ya da ört-basdır etmək istədiyi bir utancı mənimlə paylaşmışdı… Onun səsindəki kədər o qədər ağır idi ki, hələ də üstümdən ata bilmirəm. Sakit, az qala pıçıltıyla səslənən səni hələ də qulaqlarımı batırır, sanki ətrafı eşitmirəm.

II

İşdən evə qayıdarkən hamımızın etdiyi işlə məşğul oluram, gündəmi izləmək üçün facebook`da eşələnirəm. Qarşıma elə bir xəbər çıxdı ki, istəmsiz düşündüm “ikinci acizlə rastlaşıram”.

“UNEC TUDİFAK fakultəsinin I kurs tələbəsi Leyla Əzizli bu gün dünyasını dəyişib. O, xərçənglə mübarizə aparırdı”.

Xərçəngə məğlub olan bir qönçə. Hələ 18 yaşına yeni qədəm qoyan bir uşaq, koronovirusun dünyaya meydan oxuduğu, ermənilərin Qarabağdan qıraqda, Tovuzda ikinci cəbhə yaratdığı bir dövrdə 18 yaşlı bir mübariz qızcığaz öz cəbhəsində məğlub oldu. Dünyanın dadını dadmamış, əsl həyatla rastlaşmamış nakam köçdü getdi.

Qeyd: Leylanın profilində yazılmışdı ki, iki gün əvvəl hamını muştuluqlamış, şad xəbər vermişdi. “Sağalmışam, qalib gəldim!”

III

“Qarabağ bizimdir, bizim olacaq!”

Bu şüarla minlərlə Azərbaycanlı dinindən, irqindən, partiyasından asılı olmayaraq bir yumruq oldu, yayılmış virusa əhəmiyyət vermədən küçələrə axışdı. Onların bir amalı var idi, o da Azərbaycan – Vətən idi! Xalq öz sevgisini, əsgərinin və dövlətinin yanında olduğunu göstərirdi düşmənə. Bu hadisə bizə bir daha xatırlatdı ki, biz ətimizi yesək də, sümüyümüzü çölə atmırıq.

Lakin həyatda yerini tapmamış “şəxsiyyət” xalqın sevincini onlara çox gördü. Sevinclərini, qələbənin yaşatdığı qürur hissini onların burnundan gətirdi təxribatlçılıqla məşğul olmağıyla. Sadə xalqın qələbədən xumarlanmış başını aldadıb onları başqa məqsədlərə istifadə edib atdı kənara. Xalq xülyadan oyandı: sən agentsən, mən vətənpərvərəm, sən dindarsan, mən ateistəm, sən sünnüsən, mən şiəyəm, sən iqtidarsan, mən müxalifətəm qırğınları yenidən yada düşdü. Məmməd Arazın sözləri gerçək oldu: Sənə gələn, səndən ötən, nəydi bələ? Səndən ötüb qardaşına dəydi belə?!

Neçə Şəhidin qanı bahasına parlayan xalq bir kiçicik qığılcımla yenidən sönmüşdü. Sual edirəm özümə, kimdi aciz? O kiçik qığılcımı yaradan xəyanətkar, ya biz?!

IV

“Aprel” döyüşləri ardınca tarix kitablarına böyük hərflərlə yazılacaqdır “İyul” döyüşləri (bəlkə də “Tovuz” döyüşləri), buna inanıram, çünki bu mənsub olduğum xalqımın, millətimin, ordumun qəhrəmanlıq dastanıdı. Bu dastanın əsas qəhrəmanları da gözüyaşlı anaların hər gün ölkənin dörd bir yanında Vətən torpağına əmanət etdikləri oğullarıdı. Onlar canları bahasına Vətəni qorumaqla yanaşı bizə özümüzü, milli kimliyimizi, insanlığımızı qaytardılar. Biz öz Qəhrəmanlarımızla sevinc hissi yaşadıq illər sonra.

Bu hissənin acizləri Şəhid adını rütbəyə qurban verənlərdir mənim gözümdə. Ölkə olaraq qüruru, sevinci, kədəri eyni vaxtda yaşadığımız bir dövrdə bundan yararlanmaq istəyənlər tapıldı… həmişəki kimi… Özlərini “ağıllı” hesab edənlər üçün bu fürsət qaçılmaz idi.

Atalar məğrur, analar ağlar, bacılar-qardaşlar dayaqsız, yoldaşlar kimsəsiz, övladlar boynu bükük… Lakin siz, məhz siz! Ən murdar acizlər bunu özünüzə fürsət bildiniz. Dünyanı tanımamış gənc Şəhidi Əsgər idi deyə Şəhid Generala qurban verdiniz! Sizdən utanıram! Polad Həşimov bilsəydi ki, onun göz bəbəyi kimi qoruduğu əsgərinin şəhadəti onun şəhadətinin kölgəsində qalar, o əlindən gələni edərdi ki, bu döyüşlərdə ölməsin. Biriniz kitab çıxarır, biriniz xatirələr yazırsınız, digəriniz küçə adı verirsiniz. Təlqinlər, şüarlar birdir: Şəhdi general! Bəs digər Şəhidlər Şəhid deyil? Nə vaxtdan Vətən uğrunda ölənləri rütbəyə bölməyə başladınız?

Nə zaman bitdi bizim dilimizin “senin”, “menim” qabarı? Nə zaman bitdi bizim dilimizin “hansı rütbədəsən” damarı?…. Səninləyəm, aciz xalqım!?

Səməd, «Çox Bəxtiyar Ağa» və biz.

img1888023XX-ci əsr Azərbaycan ədəbiyyatında bir çox isimlər var ki, hələ də tam araşdırılmayıb. Öz oxucu kütləsinə lazım olduğu qədər yetişməyib. Onu ilk dəfə «Gec-tez, hamımız bir gün öləcəyik; önəmli olan necə ölməyimiz yox, nəyin uğrunda ölməyimizdir» – sitatı ilə tanımış və sevmişdim. Araşdırdıqca “Balaca qara balıq” nağılına rastladım. Yəqin ki, nağılın adını eşidincə çoxunuz bildi kimdən danışıram. Bilməyənlər də sadəcə utansın. Çünki söhbət edəcəyim şəxs Azərbaycan və İran ədəbiyyatında bir qala, bir dağ kimi çox ucada duran Səməd Behrəngidir.

Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərinin Gerendab məhəlləsində, yoxsul bir ailədə anadan olub. Atası İzzət bəy fəhlə olmuş və tez dünyadan köçmüşdür.

مردی+که+به+نوشته_هایش+اعتقاد+داشت+Anası Onun dünyaya gəlişini belə xatırlayır: “Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir”.

Belə bir çağda Səməd Təbrizdə dünyaya göz açdı. Atası onu “Qarabala” çağırırdı. Maddi durumlarının çətinliyindən Səməd də böyük qardaşı kimi ilk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə Azərşəhr mahalının Mamağan, Gögan ibtidai məktəbində müəllim kimi başlayıb. İşləyərək həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb oranı da 1961-ci ildə bitirir.

10357118_1466518350287716_8498562781470853477_n.png

Tələbəlik illərində bir neçə dostu ilə «Xənde» (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini “düzü-düz, əyrini-əyri” deyərək bu dövrdə yazıb.

Mədədi deyir: “Səməd dəfələrlə yazıb və deyib ki, ana dilində yazmaq imkanı yoxdur.»

Samad_BehrangiSəməd Behrəngi Azərbaycan kəndlərində folklor nümunələri toplayıb. Onun topladığı ilk folklor nümunələri «Parə — parə» adı ilə Təbrizdə çap edilib. Amma Mədədinin verdiyi məlumata əsasən, onların topladıqları folklor nümunələri azərbaycan dilində idi və İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmadı. Sonradan bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Yazdığı nağıllar türk dilinə Sirus Mədədi vasitəsilə «Azərbaycan nağılları» adı ilə Tehranda çap olunub. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

250px-Samad_Behrangi_with_his_students_in_Azerbaijan_of_Iran

Məcid Təbrizivəndi yazır ki: “Səmədin yaradıcılığı savadsız kəndlilər üçün ərizə yazmaqla başlanıb”.

O, bir müddət qəzetlərdə məqalələrlə çıxış edib, o zaman Təbrizdə nəşr olunan «Mehdi Azadi» və «Adinə» qazetlərində yazıb. Sonra, məqalələrini «Məcmueyi məqaleha» (Məqalələr məcmuəsi) adilə kitab şəklində çap edib.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb.

1542872738_semed-behrengi.jpg

Səməd Behrəngi İran uşaq ədəbiyyatının banisi sayılır. Ona qədər uşaq ədəbiyyatına aid kitablar yazan olsa belə İran ədəbiyyatçıları qəbul edirlər ki, Səməd Behrəngi İranda uşaq ədəbiyyatının qurucusudur.

Onun ədəbi irsi son dərəcə zəngin olsa da, yazıçı dostu Qulamhüseyn Saedinin dediyi kimi, yaratdığı şah əsəri onun yaşayış tərzi idi. Təsadüfi deyil ki, İranın tanınmış söz ustası Cəlal Al Əhməd onu “Azərbaycan kəndlilərinin canlı dili, sürgünə düşmüş gələnəklərin oyaq vicdanı, “Heydərbabaya salam”ın sətirləri arasında dünyaya ayaq açıb, Savalana, Xalxala tərəf üz tutan gəzərgi bir müəllim” adlandırırdı.

imagesO, uşaqların yaşayışından yazarkən onlara bircə şeyi anlatdı: “Şilləyə şillə ilə cavab verib, öz haqqını son damlasına kimi almaq gərəkdir”, ardınca Ulduzun dili ilə yazırdı: “Mənim nağılımı yoxsul, naz-nemətdən məhrum olan uşaqlar üçün yazın”.

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Dostu Saedinin xatirələrində deyilir: “O, boş anlarında saatlarla kitab mağazalarının qarşısını kəsdirər, kitab seçməyə gələn yeniyetmələrə məlumatlar verərdi. Dərs dediyi məktəbdə şagirdlərlə əl-ələ verib gözəl kitab evi düzəltmişdi”.

samad_behrangi (1)Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb, heç şah dövründə siyasi təşkilat da yox idi. Amma, onun yoldaşları Behruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları Səmədin ölümündən iki il sonra İranın “Xalq Fədailəri» təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıblar. Behrənginin yazdığı “Balaca qara balıq” əsəri həm də İran inqilabının manifesti hesab edilir. Ürəyində öz millətinə dərin sevgi bəsləyən Səməd Behrəngi əsərlərində Azərbaycanın, eləcə də İranda yaşayan başqa xalqların ağrılarını qələmə alıb.

Onun “Balaca qara balıq” əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

“O getdi. Dönüb arxasınca baxdım. Çiyinlərini sallayıb, başını aşağı dikmişdi, yavaş-yavaş uzaqlaşır, sol yönə gedirdi. Mənsə donub qalmışdım, haraya getdiyimi bilmirdim…” (Mahmud Dövlətabadi).

213631_152

Səməd Behrəngi öz xalqının taleyini dərindən düşünərək, yaşayışın ağrı-acılarını ilk anda uşaqların gözü önünə gətirib, yaşayış bilimlərini anlamaqda onlara yardım edirdi. O, yaşayışında da, dərs otağında da, yazı masasının arxasında, öz ədəbi dünyasında hər şeydən öncə müəllim idi. Uşaq dünyasından böyüklər aləminə açdığı pəncərədən toplumu bütün çizgiləri ilə yaşlıların gözləri önündə canlandırırdı. O, türk dilində əlifba kitabı tərtib edərək onu Tehranda çap etdirməyə, məktəblərdə öyrədilməsinə çalışmışdı. Beləliklə, milyonlarla uşaqların, gənclərin öz dillərini öyrənməsində addım atmışdı. Ancaq Pəhləvi rejimi onun bu dolğun addımına cavab verməmişdi.

Səməd Behrəngi Təbrizdə anadan olub, cəmi 29 il yaşayıb. Qısa zamanda iyirmi əsər yaradıb. «Balaca qara balıq» onun şah əsəridir və bir siyasi manifestdir. Ömrünün son 8 ilini müəllimlik və şairliklə məşğul olub. 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar. Lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. O, Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.

загруженное

Onun ölüm günü dostu Cəlal Al Əhməd yazırdı: “İndi mən necə inanım Səməd ölübdür. O, öz xalqına, keçmişinə, ana dilinə bağlı idi. ”Əlifba” kitabını hazırlayıb çap etdirmək istəyirdi. Ancaq onun başına nə qədər oyun açdılar. Səmədin ölümünə necə inanım? Olmaya ”Balaca qara balıq” yenidən doğulmaq üçün Araz çayı ilə Xəzərə qovuşub? Bir gələnəyin, bir dilin, bir ulusun ortağı olan çayda boğulub Səməd. Mədinə müsəlmanlar üçün necə qutsal idisə, Araz da Səməd üçün o qədər qutsal idi”.

 

Çox Bəxtiyar Ağa
(Hekayə)

Müəllif: Səməd Behrəngi

Nə olur olsun, göydən nə bəla yağır-yağsın, hansı hökümət hakimiyyətdə olur olsun, Çox Bəxtiyar Ağanın vecinə deyildir. Bircə şərtlə, ona zərər toxunmasın, ona dəyib-dolaşan olmasın, ondan nəsnə əskilməsin. Çox Bəxtiyar Ağaya görə onun işdən yayınmasına göz yuman, başçı yaxşı başçıdır, əsas odru ki, onun yaltaqlığını xidmət kimi dəyərləndirsin. Yaxşı baxan odur onun çağında Çox Bəxtiyar Ağaya böyük işlər, çoxlu pul verilsin.

Çox Bəxtiyar Ağanın yaşayışı səssiz göl kimidir. Bu gölü dalğalandırmağa bir anda belə bir daşın düşməsini istəmir. O, başıaşağı, üzüyola adamdır. O, bir qarışqayla da sözləşməyi özünə rəva bilmir. Səhər yuxudan durub arvad-uşağı ilə səhər yeməyi yeyib idarəyə yola düşür. Məhəllənin baqqal, qəssabı ilə salam-əleyki də belə hesab üzrədir. Ləpəni ona baha verməsinlər, ya da əti sümüksüz alsın deyə bu işləri görür. Çox Bəxtiyar Ağa başçının sözünə, söz almamağına inanır, yoxsa başağrısı yaranar. İdarə işi ancaq pul çıxarmaq üçündür.

Beləliklə, yaxşı olar onunla bağlı söz-söhbət olmasın. Onun dinc yaşayışı pozulmasın. Çox Bəxtiyar Ağanın düşüncəsinə görə vicdansızlıqla dikbaşlıq eləmək olmaz. Çox Bəxtiyar Ağa “vicdan”, “şərəf” deyimlərinin yerinə yalnız “həyat” deyimini işlətməkdə məqsədi sanballı söz deməklə özünü də böyütməkdir. O, arvad-uşağı çox istədiyindən çox qorxur. Onun başına bəla gələrsə onlar başsız qalar. Həmişə gözləmə durumunun izləməsinə başlıca səbəb müdirin göstərişlərini yerinə yetirib, işdən çıxarılmasın, ac qalmasın.

Çox Bəxtiyar Ağa qayğıkeşdir. Amma Qaliley, Sadiq Hidayət kimi yox. Ona keçmiş məktəb yoldaşlarının irəliləməsi, bacanağının ikimərtəbəli evinin olması acıq verir.

Ən yüksək diləyi, şəxsi maşını olsun, özü də “folksvagen” markalı, eləcə də Tehrana köçüb paytaxt sakini olsun. Ona görə də işdə başçısına necə desən yaltaqlıq edər…
Çox Bəxtiyar Ağanın xanımının məqsədi xarici aktrisalar kimi geyim geyinməkdir… Uşaqlarına fars dilini öyrətsin. Onun inancına görə türk dili savadsız, “qara camaat” üçündür. Hərdən ailənin həkimindən də söz açır. Ondan tez-tez soruşur:

— Uşağın başı ağrıyır, cənab həkim, aspirin verirsiniz, yoxsa sarıdon?…

Çox Bəxtiyar Ağa həftədə iki dəfə bəxtini sınamaq üçün lotereya bileti alır. O, dinə lap çox inanırdı, ancaq Ramazan ayında cəmi üç gün oruc tutub namaz qılır.
Çox Bəxtiyar Ağanı hamı tanıyır, hamı da görüb. Siz də, mən də, qonşuluğumuzda onunla üz-üzə gəlmişik. Görürük necə dərdsiz yaşayır, özünü xoşbəxt sanır.

Orda, uzaqda bir ev var…

Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

Könül istərdi ki, biz həyətə daxil olanda, pələtin kiçik qapısı taybatay açılıb bağlananda çıxardığı səsə nənəm pəncərədən boylansın. Bizi görüb uşaq sevinciylə çölə çıxsın, nəvazişlə başımıza sığal çəkib, bizi qoynuna alsın, hər iki yanağımızdan öpsün. Di gəl ki, bu mümkün deyil, çünki o əbədiyyata qovuşub…

Bir zamanlar səsimizlə şadlanan ev indi yetim uşaq kimi həyətin bir küncünə çəkilib səssiz halıyla yavaş-yavaş əzəmətini itirir. Babamın uşaq qəhqəhəsi sədaları altında doyunca su içib çiçəklənən gül-çiçək həmin bağ deyil artıq. Bağın baş ucunda şahlıq edən qoca çinar başını aşağı əyib, ağacların seyidi olan söyüd ağacı kölgəsini bizdən əsirgəyir. Nənəmin təndiri ovulub yerə tökülür, bunu gördükdə qəhər məni basdı, gözümü yumdum, dərin nəvəs aldım. Bütün uşaqlığım gözümün qabağına gəldi, uşaqlığımdakı həmən qoxu, təzə bişmiş təndir çörəyinin həmən qoxusu məni bihal etdi. Hamıdan irəli atıldım, özümü bir şey xatırlayırmış kimi göstərib evə sarı qaçdım.

Yavaş-yavaş, hürkək addımlarla evə daxil oldum. Mən ayağımı qaldırıb addım atdıqca mənimlə birlikdə uşaqlığım, qayğısız illərim də mənə sarı addım atırdılar. Evdə çox şey əskik idi, lakin nənəmin bişirdiyi xörəklərin ətrinin yeri başqa cür hiss olunurdu.

Nədənsə, evin təməl atma, tikilmə zamanına qayıtdım. Nə hikmətsə, bu evdə ilk göz yaşı axıdan da, ilk gülən də mən olmuşdum nəvələr arasında. Demək olar ki, bu evin təməli mənim göz yaşlarım və qəhqəhələrimlə yoğrulub.

İçəri daxil olan kimi eyvana boylandım. Babamın kiçik radiosu masanın üstündə qalmışdı. Nənəmin cehizlik xalçası bükülüb divara söykənmişdi. Nədənsə o da əyilmişdi. Sanki xalça da nənəmin yoxluğunu anlayırmış kimi boynunu büymükşdü. Bunu görcək özümü saxlaya bilmədim, içəri atıldım, evin ən kiçik otağına, eyni zamanda babamla nənəmin otağına daxil oldum və hönkür-hönkür ağladım.

***

İllər sonra, böyüyüb başa, sonunu düşündüyün evə çatanda nə olacaq deyə düşündünüzmü heç?! Evə daxil olarkən hiss etdiklərimi ətraflı təsvir etmək dilərdim əlbbət, lakin mümkün deyil. Nənnəmin ayzberqi əridən ağuşunun, babamın könül oxşayan hekayətlərinin, uşaqlığımın sona çatdığını anladan, anamın əsəb, eyni zamanda sevinc dolu nəvazişinin olmadığı bir evi necə təsvir edəsən ki…

Mənim uşaqlığım bu evdə keçib. Atam hər bir Azərbaycanlı kişisi kimi (təbii ki, hamısı yox) rusiyada işləyəndə biz, yəni anam, mən və kiçik qardaşım bu evdə babamgilnən birlikdə yaşayırdıq. Həyat qayğısız və xoş idi bu evdə.

Bu evin özünəməxsus, kədərlə sevincin bir tavada yovrulduğunu hiss etirən abu havası var. Bir zamanlar mənim və məndən başqa nəvələrin səsiylə dünyaya meydan oxuyan kiçik bir ev indi nəticələrin, bizim, nəvələrin övladlarının səsiylə cılız qalıb (bizim deyəndə, mənim hələ övladım, heç öz ailəm də yoxdu). Çünki mənim gördüyüm baba-nənə nəvazişindən məndən sonra gələnlər məhrumdur. Həqiqətən də, nənə baba nəvazişindən məhrum olanlar yetimdir deyəndə yanılmayıblar….

Eh, mənim yetim davamçılarım siz köhnə babaların, nənələrin qədrini hardan biləsiniz ki, axı, siz onları heç görməyibsiniz… Yox, əgər görmüsünüzsə, qədrini bilin…

Vətən xaini

Bir tikə çörək, araq, sən və mən
bir də səhərin açılmamış gözü
çöldə Bakı küləyi
otağımız nəmişkən…
gözlərin narın-narın damlarkən boş qədəhə
danışdın mənə zalım NKVD`yə işləməyindən
necə xainliyə çatdığını, qul olduğunu və aldatdığını

 
nə deyirdim dost…
deyirdim ki, mən bu zəhrimarı içmək üçün içirəm
amma içərkən düşünmürəm nə üçün içdiyimi
nə də olsa, daha sonra düşünərəm həyatın fəlsəfəsini
sırayla olaram Xətai, Abbas, Nadir
bəzən Təbriz sarayında Xacə şah…
bəzən Əli bəy Hüseynzadə
Rəsulzadə olunca düşünərəm mühacirətdə keçən günləri
Bəy ikən Babaya məğlubiyyətimi…
bir dəfə də Nəsiminin müəllimi olmuşdum
ona verdiyim dərslərlə qürur duymuşdum
bəzən Cümhuriyyətin xilası üçün çalışan Xosrov bəy
bəzən Cümhuriyyəti satan Nərimanov oluram

 
əgər biraz da içsəm
Nizami bir qələt etmiş olar qarşımda
uçuq dodağımdakı zümzüməni dinləyərdim, lakin
Üzeyir bəyin axtardığı müsiqi budur deyib gülürəm
axmaq imiş tarix müəllimim…
biraz içsin, onda görər nə tarixi varmış bu məmləkətin
anlasın keçmişi qara vətənimin neçə bucaq olduğunu…

“501 Nömrəli Hücrə” Filmi rekorda yaxınlaşır — (Filmdən fotolarla)

Bundan əvvəlki üç məqaləmdə Mehmet Altunbay haqqında məlumat vermişdim. Oxuyanlara məlumdur ki, o, Türkiyəyə mühacir etdikdən sonra, 1967-ci ildə dövlətin də dəstəyi ilə “501 nömrəli hücrə” adlı iki hissədən ibarət bir filmin ssenarisini yazmış və çəkimlərində iştirak etmişdir.

O dövrün insanlarının danışığından bizlərə bəlli olur ki, filmin 1967-ci ildə baş tutan Gala gecəsində dövrün bürokratları və ziyalıları filmi ayaq üstə alqışlamışlar.

Bu film barədə dövrü mətbuatda da bir çox məqalələr dərc edilib. Bunlardan birini də “Ses” dərgisinin 1967-ci ildə çıxan 43 nömrəsində görmək mümkündür. Sizlərə həmin məqaləni təqdim edirəm.

***

501-Numaralı-Hücre-Filmi-Rekora-GidiyorQayalıq təpələrdə ağac, ot deyə bir şey yox idi. Gözəl və gənc qadın dikdaban, bəyaz ayaqqabısının üstündə güc-bəla bir neçə addım ata bildi. Əynində bahalı, dekolte paltar var idi. Paltarın üstündən kürk palto geyinmişdi. Qadının yanında əlində tapança, qara botinkalı bir əsgər dururdu. Qadın öndə, əsgər formasında adam arxadan gedirdi. Bir qayanın önünə gəldikləri vaxt bığlı, sərt üzlü adam:

— “Dur!” – deyə bağırdı. Qadın durdu və adama doğru döndü. Sərt üzlü adam cibindən çıxardığı dəsmalı uzatdı:

— “Bəlkə edam manqasından qorxarsınız! Gözlərinizi bağlayım?” – dedi.

Gözəl qadın sankı tüpürürmüş kimi adamın üzünə baxdı:

— “Qorxmuram!” – dedi, “Ölümdən qorxsaydım indi burda olmazdım!”

Edam manqasının komandiri bir az sonra güllələnəcək gənc qadının incə biləklərinə baxdı:

— “Əlinizi bağlamaq məcburiyyətindəyəm, xanım Tamilla..” – dedi. – “Həm də bu sizin arzunuzla bağlı bir şey deyil…”

Biləyi bağlanarkən, gənc qadın qarşısındakı silahlı əsgərlərə baxdı. Soldan sağa doğru hamısını bir-bir süzdü. Həyatı bir anda gözlərinin önündə bir kino lenti kimi axıb keçməyə başladı.

Atası Qafqazlı, anası italyandır. Bakıda doğulub, böyüyüb və burda təhsil alıb. Bir gün edilən “donos”a görə gizli polisin adamları evlərini basıb, qardaşları və atasını alıb aparmışdılar. Sonradan onların ölüm xəbərini almışdı. Məhz o anda atası və qardaşlarını öldürənlərdən intiqam almaq üçün öz andını içmiş və  yeraltı təşkilata qoşulmuşdu.

Bakı Hava məktəbində Uçuş birliyinin komandiri Mehmet Altunbay adlı Azərbaycanlı türk zabitinə könül verir və iki idealogiya dostu birgə vuruşurlar. Lakin bu dostluq uzunömürlü olmadı. Mehmet Altunbay gizli polis tərəfindən həbs edilir, güllələnmə sırasında iki dostu ilə birlikdə təyyarəyə minərək Türkiyəyə mühacirət edir, beləliklə gənc qadın da tək-tənha qalır.

Sevgilisinin qaçışından sonra Tilda adını Tamillaya dəyişir, üzünü makiyajla dəyişdirərək Gizli Polisin sıralarına daxil olur. Polis rəisi Mişel qısa zamanda bu gözəl qadına aşiq olur. Tamillanın da istədiyi bu idi. Mişelin sevgisindən faydalanaraq ondan bir çox sirləri öyrənir, beləliklə də minlərcə insanın Sibirə sürgününü əngəlləyir.

Gizli Polis rəisi Mişel vəzifəsində əsla ürəyinin səsini dinləmir, öz qızı Nadyanı belə zindanlara bağlayır. Tamillayla Mişelin dostluğu uzun zaman davam edir, lakin bir gün hər şey aşkara çıxır. Bunun tək bir cəzası vardı: ÖLÜM! Tamilla qısa bir mühakimədən sonra güllələnmək şərti ilə edama məhkum edildi. Nəhayət, qarşısındakı lülələr qorxunc canavarlar kimi ağızlarını açmışdılar. Biraz sonra o lülələr güllə qusacaq və gənc Tilda (Tamilla) əbədiyyata qarışacaq.

501-Numaralı-32wh9mon6zzopgmhioka2o.jpg

Edam manqasının komandiri əlini havaya qaldırdı. Tilda gözlərini qırpmadan qarşısındakılara baxdı, baxdı, baxdı…

— “Atəş!…” – deyə bağıran səslə birlikdə silah səsləri qayalıq təpələrdə əks-səda verdi və gənc qadın yerə yıxıldı. Gözləri hələ də açıq idi…

“501 nömrəli hücrə” adını daşıyan film on aydan çoxdur ki, Ankarada Nusret Eraslanın rejisorluğu ilə çəkilir. Filmdə rol alanların hamısı Dövlət Teatr və Balet aktyorlarıdır. Ankaralıların yaxından tanıdığı 80 səhnə sənədçisi, 200 köməkçi aktyor bu filmdə oynayır. “501 nömrəli hücrə”də kino aləmini bir tək Atıf Kaptan təmsil edir. İndiyə kimi istifadə olunan maddiyyatı bir milyon lirəyə çatan filmin qarlı səhnələri keçən qış Kızılcahamamdakı Çamkoruda çəkilmişdir. Dövlət Teatrı artistləri, böyük Avropa və Amerika filmlərindəki kimi bir il davam edən uzun bir əziyyətin sonunda filmi tamamlayacaqlar. Tamamən rəngli olarak çəkilən film ilin sonunda məmləkətin hər yanında 40 kinoteatrda birdən nümayiş ediləcəkdir… “Qafqaz Film” firmasının çəkdiyi bu film bundan illər əvvəl Stalin dövrü Rusiyasındakı Gizli Polis Təşkilatının (NKVD) törətdiyi zülmləri, tükləri biz-biz durğuzan işgəncələri, Sibir sürgünlərini, ölüm zindanları və azadlığa susamış saysız insanların cəsarətlə dirənişini əhatə edir.

“501 Nömrəli hücrə” adlı filmdə Hitler Almaniyasında Hitlerin əmriylə çəkilmiş filmdən kadrlar da istifadə olunub.

Metraj baxımından indiyə qədər çəkilənlərin ən uzunu olan bu milyonluq filmdə Dövlət Teatr aktyorlarından Cüneyt Gökçer, Ayten Gökçer, Semik Sergen, Şahap Akalın, Tekin Akmansoy, İlyas Avcı, Tülay Artuk, Meliha Ars, Nurşen Girginkoç, Muammer Esi, Yalın Tolga, Bozkurt Kuruç, Ferdi Merter Fosforoğlu, Coşkun Kara, Adnan Başar, Mithat Demokan, Ali Cengiz, Azmi Orses, Savaş Başar, Ertan Savaşçı, İlhan Ülkü, İhsan Şenol, Orhan Kuraner kimi sənətkarlar yer almışdılar.

Məmbə: “Ses” dərgisi, 1967, 43

Elə bunu deyəcəkdim

Rus səfirinin ölümündən bir neçə saat əvvəl evə gəldim. Axır vaxtlar özümə qapanmışam, acgözlülüklə kitab oxuyur, film izləyir və əsla yatmıram. Yatmıram deyəndə, bir-iki saat yatıram, o da anam namaza oyanır deyə, məcbur olub yatıram ki, məni oyaq görüb kefi pozulmasın.

Evə çatan kimi yeməyimi yeyib, çayımı içdim. Biraz otaqları gəzdim. Uzandım. Oturdum. Masamın üstündəki dağınığa əl gəzdirdim. Mən otaqları gəzdiyim kimi barmaqlarım da kitabların üstündə gəzdilər. Bunların hamısı baş verərkən ağlımda nəsə var idi və mən axır ki, kitablara toxunan kimi ağlındakını tapdım – mənim ürəyim sıxılır!

Vaxtından əvvəl azadlığa can atan məhbus kimi özümü bayıra atdım. Təmiz havanı sinəmə çəkdikcə, bir qatili niyə öldürməyib, ömürlük azadlığından məhrum etdiklərini anladım. Həqiqətən də, insan nədən məhrum olursa olsun, azadlığına məhrum edildiyi halda həyatın əsl üzünü dərk edir.

— Ölmək istədiyimi desəm?

Bunu həmişəki melanxolik halına sayıb, o qədər də üstündə durmadım. Hətta lağ-lağıya salıb ona söz də atdım.

— Ölmək asandır, hünərin çatır imtahandan kəsil və anana de.

Uzun uzadı danışan insanları sevmirəm. Kimliyindən aslı olmadan, çox danışan insanlara qarşı vecsizəm. Qarşımdakı insan danışdıqca gəzmədiyim aləm qalmır, özümdən nələrsə yaradıram, dağıdıram – hamısı da fikirlərdə.

Yaradıb dağıtdığım anda fikrim ona sataşdı. O hələ də danışırdı. Daim pozitiv olan, mənim “şəxsi psixoloqum” bu dəfə ölməkdən danışırdı. Qəribədir. Psixoloqlar axı intihar eləmir.

Deyəsən, fikri ciddidir.

Görəsən onu təsəlli etməliyəm? Yox, axı o təsəllini sevmir, heç mən də sevmirəm. (Gülümsəyirəm)

— Məndən təsəlli gözləyirsən?

— Necə yəni?

— Nə bilim ölümdən danışdın, dedim bəlkə…

— Amaaan, boş ver. Onu deyirəm axı…

Qadınların hərtərəfli olmalarına heyranam. O hələ də danışır. Bezmədən danışır. Ölümdən danışmağa başlamışdı, bundan əminəm. (Əminəm… hə?) Görəsən, ölümdən başlayıb birdən-birə qadın qeybətinə necə gəlib çıxdı? Özü də, təkcə bu yox, hər bir qadın mövzunu beləcə rahat dəyişə bilir. Adamın ruhu da incimir!

— Axı, bilirsən, mən xoşlamıram kiminsə haqqında danışmağı.

(Əslində çox istəyirəm. Dəhşət dərəcədə maraqlıdır. Niyə də maraqlı olmasın axı.)

— Onu deyirəm axı…

Nədənsə hər şey də “onu deyirəm axı” ilə başlayır. Tanrı insanları yaradanda “ol” dedisə, bu onun qadın olmamağı ilə əlaqədardı. Mən sizi inandırım ki, əgər Tanrı qadın olsaydı dünya “ol” sözü ilə yox, “onu deyirəm axı” ilə başlayardı.

(Elə bunu deyəcəkdim.)

Atama Kafka sayağı məktub

Sənə bu məktubu bizim tezliklə ayrılacağımıza əmin olduğum üçün yazıram. Bir neçə il bundan əvvəl də belə düşünürdüm, lakin məni ikinci dəfə sınağa çəkmək sənə xoş gəlmişdir, etiraf edim ki, mən bu sınağa tab gətirə bilmirəm artıq: mənim kövrək ürəyim düşüncələrə yenidən tabe oldu…

Sən buna görə mənə nifrət etməyəcəksən, deyilmi?! Bu məktub eyni vaxtda həm vidalaşmağım, həm də gedişimdən xəbərdar olasan deyə namə olacaqdır. Düşünürəm ki, səni sevdiyim gündən bəri qəlbimdə yığılmış olan dərdi-səri açıb sənə demək mənim üçün borcdur. Mən səni təqsirləndirmirəm – sən mənimlə hər hansı bir atanın, ananın övladıyla rəfdar edəcəyi kimi rəfdar etdin: sən məni öz xüsusi malın kimi, bir-birini əvəz edən sevinc, həyacan, qüssə, kədər, fəxr, rəzillik, baş ucalığı, üz qızartısı kimi sevdin… Bunlar olmasaydı həyat kədərli, maraqsız olardı, deyilmi?!

Bilirsən, mən bunu lap əvvəldən anladım. Lakin, sözün düzünü deyəcəm, ya sən kor idin, ya da mən axmaq. Çünki, vaxtilə mənim fədakarlığımı qiymətləndirəcəyinə (düşünürdüm ki, sən belə istəyirsənsə bu belə də olmalıdır), heç bir şəraitdən asılı olmayan sənə olan bağlılığımı nə vaxtsa qiymətləndirəcəyinə ümid bağlayaraq özümü sənin yolunda qurban verdim. O vaxtdan çox zaman ötdü, mən sənin ruhunun bütün əsrarına vaqif oldum. Bunun nəticəsidir ki, zahirən sənə qarşı nifrətim yüksəldikcə, daxilən sevgim böyüdü…

Oxuduğum kitablar günbəgün artır, bunu sən özün də görürsən, elə deyilmi? Mən bu kitabların çoxunu heç sevmədim. Əksəriyyətinin sonu xoşbəxtliklə bitir. Mən də onlara aldanıb ümid edirəm ki, bizdə də nəsə alınar. Lakin illər keçdi və bu ümidimin hədər olduğuna inandım. Mən hər ikimizə də acıdım! Gör biz nə qədər bədbəxt imişik…

Mənim ruhum bütün sərvətini, bütün göz yaşlarını və ümidlərini sənə sərf edib bitirmişdir. Mən əbədi olaraq səndən ayrılıram. Sən əmin ola bilərsən ki, mən heç bir zaman bir daha sənin də dediyin kimi “boğulmağına” səbəbkar olmayacam.

Sənin təbiətində nə isə yalnız sənə məxsus olan ayrıca bir şey var, qürura bənzər əsrarəngiz bir şey var. Sənin səsində, hər nə xüsusda danışsan belə, məğlubedilməz bir hakimiyyət var. Sənin kimi heç kəs daima diqqət mərkəzində olmaq istəməyi bacarmır, əsəb heç kəsdə bu qədər xoş olmur, heç kəsin sözləri insanı bu qədər alçaltmır, öz üstünlüklərindən bundan daha yaxşı istifadə etməyi heç kəs sənin qədər bacarmır və heç kəs bu qədər həqiqi surətdə bədbəxt ola bilməz, çünki heç kəs özünü bunu əksinə inandırmağa bu qədər çalışmır.

İndi mən sənə belə tələsik getməyimin səbəbini izah etməliyəm: o, yalnız mənə aid olduğu üçün sənə əhəmiyyəti az bir şey kimi gələcəkdir. Bu lap əvvəldən belə idi. Mənim qərarlarım, mənim düşüncələrim həmişə əhəmiyyətsiz idi. Bir fikirləş, düz demirəmmi?!

İtkilərimiz — Nağı Keykurun

Nağı bəy Şeyxzamanlı

(1883-1967)

Naqi-bey-Sheyxzamanli-(1).jpgAzərbaycan İstiqlal mübarizəsinin tanınmış mücahidlərindən birini də itirdik. Nağı bəy Keykurun (əski soyadı Şeyxzamanoğlu) uzun İstiqlal Mübarizəsi dövrünün yetişdirdiyi simalardan biri idi. Rus istilasına qarşı qəhrəmancasına savaşı ilə Azərbaycan tarixində özünəməxsus yer alan məşhur Cavad xanın Gəncə qalasında anadan olmuş və həmin nəslin milli ideyaları və vətən sevgisi ilə yetişərək bütün həyatını yurdunun xidmətinə sərf etmişdir. Nağı bəy Nəsib bəy Nusifbəyli, Həsən Ağaoğlu, Ələkbər Rəfioğlu, Xudadat bəy Rəfioğlu, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli və siyasi tərbiyə almış şəxslərdən idi. İlk öncə “Difai” firqəsi, daha sonra “Türk Ədəmi – Mərkəziyyət” partiyası ətrafında fikrən və ruhən yoğrulan bu mühit Azərbaycanın qəlbi və daimi qalası mövqeyində olan Gəncədə 1917-1918-ci illərdə Milli Komitə şəklində təşkilatlanmışdır. Nəsib bəy Yusifbəyli ilə Məhəmməd Əmin Rəsulzadə arasında Bakıda baş verən tarixi görüşün ardınca “Türk Ədəmi – Mərkəziyyət” və “Müsavat” partiyalarının birləşməsi nəticəsində iki millətçi kadr əl-ələ verərək könül birliyi ilə ümumi Azərbaycan hərəkatının və dolayısı ilə müstəqil Azərbaycan dövlətinin təməlini atmışdılar. Nağı bəy ona tapşırılan vəzifələri, istər ölkə ölkə daxilində, istərsə də xaricdə sədaqətlə yerinə yetirmişdir. 1918-ci ilin Azərbaycan üçün ən ağır və kədərli günlərində o, Gəncə Milli Komitəsinin səlahiyyətli nümayəndə heyətinin tərkibində Osmanlı hökumətinin rəhbərliyi ilə görüşmək üçün İstanbula göndərilir. O, Müstəqil Azərbaycan dövründə Milli Təhlükəsizlik Təşkilatının rəhbəri vəzifəsinə təyin edilmişdir.

keykurin 2.jpgNağı bəyin bir şəxsiyyət kimi formalaşmasında bolşeviklər tərəfindən 1920-ci ildə şəhid edilmiş mərhum böyük qardaşı Məmmədbağır Şeyxzaman oğlunun çox güclü təsiri olmuşdur. İnanılmaz və çox fəal bir “Müsavatçı” olan Məmmədbağır bəy istər milli vəkili olduğu Azərbaycan Parlamentində, istərsə də ümumi ictimai işlərdə vətən xaini olan kommunistlərə qarşı geniş mübarizə aparmış bir şəxs idi. Elə buna görə də rus işğalçı ordusu Azərbaycana ayaq basar-basmaz ilk kütləvi şəkildə həbs olunub güllələnənlər arasında o da olmuşdur. Mühacirət həyatında Nağı bəy uzun müddət “Müsavat” partiyasının sıralarında olmuş və Rəsulzadənin rəhbərliyi altında çalışmışdır. Bir ara anlardan ayrı düşmüşdürsə də İkinci Dünya müharibəsindən sonra həssas milli hissə və dərin vətən bağlılığı ilə yenidən öz mövqeyinə qayıtmış və birincilər sırasında müqəddəs vəzifəsini ürəkdən və yorulmadan yerinə yetirmişdir.

Nağı bəy Ankarada və İstanbuldakı dərnəyimizin fəaliyyətində canla-başla iştirak etmiş, gənc dostlarımıza şövq və həvəs qaynağı olmuşdur. Almaniyada və ABŞ-da olduğu müddətdə milli çalışmalarımız və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanmış və əlindən gələn yardımları əsirgəməmişdir. Nağı Keykurun “Azərbaycan” jurnalının daimi müəlliflərindən idi. Gələcək nəslimizə bir xatirə kimi yazıb qoyduğu canlı yazılarında istismarçı rus hakimiyyətinə qarşı ölüm-dirim savaşına başlamış məşhur partizan qəhrəmanlarımızın xatirələrini, “Difai” firqəsinin fəaliyyətini və Gəncədə Milli hərəkatın yaranmasını və gedişini bütün təfərrüatı ilə təsvir etmişdir. Nağı bəy ayrıca olaraq bütün xatirələrini bir kitab halında toplamışdır.

keykurin-3Eyni zamanda Nağı bəy öz uşaqlarını və yaxınlarını milli ruhda yetişdirməyə çox fikir vermiş və bu işə böyük əmək sərf etmişdir.

Mülayim xasiyyəti olan Nağı bəy yaxşı bir yoldaş, vəfalı bir dost, həssasqəlbli bir insan idi. Ancaq, milli vəzifədə səhlənkarlığı heç kimə bağışlamazdı.

Nağı bəyin ən aydın vəsfi Azərbaycan İstiqlal mübarizəsinə dərindən bağlı olması idi. Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı bir cərəyana kiçik bir güzəştə belə getməmişdir.

O, ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmamışdır.

Elə bu səbəbdən də məzarı başına toplanan qohum-əqrabası, tanışları, dostları onu gözyaşları içində, hörmət və sevinc ilə torpağa əmanət etmişdilər.

Azərbaycan Kültür Dərnəyi üzvləri hörmətli yurddaşının vəfatı münasibəti ilə bütün yerlilərinə, kədərli ailəsinə, möhtərəm həyat yoldaşı Həmidə xanıma, uşaqları Saleh və Yavuza, həmçinin qızına və nəvələrinə dərin Hüznlə baş sağlığı verir.

Nur içində yatsın!

 

Məmbə: “Azərbaycan” (“Azərbaycan Aylıq Kültür Dərgisi”), Ankara. İl:16, Sayı: 184-186, s. 21-22